Bakının mərkəzində sosial tələblər səsləndirilib
Bu gün, mayın 7-də bir qrup şəxs Bakının mərkəzində, metronun “28 May” stansiyasının yaxınlığında aksiya keçirməyə cəhd edib.
Bu aksiyanı Azərbaycandan vaxtilə gedən və indi xaricdə yaşayan bloqerlərin təklif etdiyi bildirilir.
Aksiyaya gələn şəxslər, əsasən, sosial tələblər səsləndiriblər. Onlar koronavirusla bağlı tətbiq edilən karantin sərtləşdirildiyi aylar ödənilən birdəfəlik sosial yardımın yenidən verilməsini və həm onların, həm də pensiyaların qaldırılmasını tələb ediblər.
Hadisə yerinə cəlb olunmuş polis əməkdaşları bir çox şəxsi polis maşınlarına mindirərək aparıblar.
Daxili İşlər Nazirliyindən açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Bakının mərkəzində aksiyaya cəhdlə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib: “Cəhdin qarşısı polis tərəfindən dərhal alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur”.
Amma nazirlikdən media işçilərinə fiziki təzyiq göstərilməsi ilə bağlı deyilənlərə münasibət almaq mümkün olmayıb.
Azərbaycanda karantin rejimi ilə bağlı kütləvi tədbirlərə qadağa qoyulub.